SALAMLAMA

PROFESSOR NƏRGİZ PAŞAYEVA

47-ci Beynəlxalq Kimya Olimpiadası münasibətilə bütün iştirakçıları ürəkdən salamlayırıq. Azərbaycan kimyaçıları adından və şəxsən öz adımdan Vyetnamda 46-cı Beynəlxalq Kimya Olimpiadasında iştirak edən həmkarlarımızı dəstəklədiyimizi bildiririk. 47-ci Beynəlxalq Kimya Olimpiadasına isə Azərbaycan ev sahibliyi edir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru kimi fəxr edirəm ki, bu nüfuzlu elmi tədbir bizim  Universitetimizin təşkilatçılığı ilə keçiriləcək. 

Azərbaycan kimyaçıları rəqabətədavamlı elmi baza yaratmağa müvəffəq olublar. Onlardan bizə qalan elmi məktəblər və ənənələr bunun bariz nümunəsidir. Həmin ənənələri davam etdirən və elm yolunda irəliləyən gənclərə istiqamət vermək isə bizim borcumuzdur. Biz müasir dünyada əldə etdiyimiz nailiyyətlərə görə elmin enişli-yoxuşlu yollarında irəliləyən gənc alimlərimizə borcluyuq. Hər gün yüzlərlə insanın həyatını xilas edərək dövrümüzün qəhrəmanlarına çevrilən həkimlər kimya elminin ən son nailiyyətlərinin təbabətdə tətbiqindən uğurla bəhrələnirlər. Kimya elmi nəinki gündəlik həyatımızda, təsərrüfatın müxtəlif sahələrində mühüm rol oynayır, həm də dünya iqtisadiyyatının inkişafına əhəmiyyətli təsir edir. 

Əziz dostlar, planetimiz kiçikdir və bəzən dünyamız kimya laboratoriyasına bənzəyir və həmin laboratoriyada hamımızı müxtəlif formalarda olsa da bir məqsəd birləşdirir - dünyamızın qorunması. Gələcək nəsilləri düşünərək biz elmi biliklər əldə etməli və mənəvi dəyərləri özümüzə aşılamalıyıq, çünki bunsuz elm təhlükəli, bilik isə əhəmiyyətsizdir. Məhz elm və mənəvi dəyərlərin vəhdətini əsas tutaraq 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarına yeni elmi kəşflər və qələbələr arzu edirəm.

Xəzər dənizinin sahilində yerləşən günəşli Bakı sizin gəlişinizi gözləyir. Təbii ki, sizin hamınız bu tədbirdə qələbə qazanmaq istəyirsiniz. Lakin bununla belə ümid edirəm ki, siz burada yeni dostlar qazanmağı daha çox istəyirsiniz. Xoş arzularla,

Professor Nərgiz Paşayeva
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,

47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti

AKADEMİK AKİF ƏLİZADƏ

2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi etməsindən çox məmnunuq. Bu bizim ölkədə beynəlxalq səviyyədə keçirilən ilk kimya müsabiqəsidir və qədim Odlar Yurdunda müxtəlif ölkələri təmsil edən gənc istedadları salamlamaqdan qürur duyuram.

Azərbaycan kimya, metallurgiya, tikinti, səhiyyə və bir sıra digər sahələrdə istifadə edilən neft, qaz və mineral ehtiyatlara malikdir. Ölkə, həmçinin geniş çeşidli metal, daş yataqları, isti və mineral bulaqlarla zəngindir. Bütün bunlar kimya sahəsində tədqiqatlar aparmaq üçün böyük potensial yaradır.

Ümid edirəm ki, qarşıdan gələn Olimpiada bir çox iştirakçıların akademik fəaliyyətində və karyera inkişafında dönüş yaradacaq. Sizə uğurlar və Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.

Akademik Akif Əlizadə
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti