Xəbərlər

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Ümümdünya Kimya Olimpiadası davam edir.

Bu ümumdünya bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə 250 dən artıq  kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər, qrup rəhbərləri iştirak edir.

Artıq olimpiada çərçivəsində nəzəri və praktik kimya üzrə imtahanlar baş tutub.

İyulun 23-də praktiki tur, bu gün – iyulun 25-də isə nəzəri biliklər üzrə sınaq imtahanı keçirilib. Yarışma iştirakçıları Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının auditoriya və laboratoriyalarında bilik səviyyələrini sınayıblar.

Hər bir imtahan zamanı şagirdlər 5 saat ərzində qoyulmuş tapşırıqları icra etməyə çalışıb. 75 ölkənin komanda üzvləri orijinal və qeyri-standart yanaşma tələb edən məsələlər üzərində işləyiblər. Dünyanın hər nöqtəsindən Bakıya təşrif buyurmuş bu böyük elm yarışmasında  iştirakçıları tapşırıqları yerinə yetirərkən MDU Bakı filialının zəngin maddi-texniki bazasından, laboratoriyalardakı modern avadanlıqlardan, texnologiyanın ən son tələblərinə cavab verən cihazlardan yararlanıblar.

Qaydalara əsasən, nəzəri imtahana 60 bal, laboratoriya işlərinə 40 bal verilir. Hər iştirakçı ölkənin iki nümayəndəsindən formalaşdırılmış Beynəlxalq Münsiflər Heyəti cavabları müzakirə edir və qiymətləndirir. Nəticələr 28 iyulda olimpiadanın bağlanış mərasimində elan olunacaq.

Kimya Olimpiadasının prezidenti, MDU Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın rəhbərliyi altında Universitetin alim-pedaqoq heyəti bu möhtəşəm və əhəmiyyətli tədbirin gündəlik işinə ciddi nəzarət edir .  

Şəkillərin sayı: