BAKI

BAKI KÜLƏKLƏR ŞƏHƏRİDİR 
 

Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın paytaxtı Bakı təkcə ölkədə deyil, həm də Qafqazda və Xəzər hövzəsində ən böyük şəhərdir. Abşeron yarımadasının cənubunda yerləşən bu şəhər dəniz səviyyəsindən 28 metr aşağıdadır. Paytaxtın adı "küləklər şəhəri" və ya "təpəlik üzərində şəhər" kimi izah edilir. Aparılmış tədqiqatlar nəticəsində şəhərin 5,5 mindən artıq yaşı olduğu müəyyən edilib.

Bakının memarlığı olduqca rəngarəngdir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər və Qız qalası ilə yanaşı, müasir Bakının siması olan "Alov qüllələri", habelə "Baku Crystal Hall", Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, "SOCAR Tower" və digər əzəmətli binalar şəhərin tarixi keçmişini və müasir həyatını xarakterizə edən tikililərdir. 

XIX əsrin sonu – XX əsrin əvvəlindəki birinci neft bumundan miras qalmış Bakı memarlığı Qərb və Şərq üslublarının vəhdətini özündə əks etdirən diqqətəlayiq nümunədir. Toplu halında bu elementlər Bakının unikal və orijinal görünüşünü təmin edir. Çin və Hindistanı Yaxın Şərq və Avropa ilə birləşdirən ticarət yollarının kəsişdiyi olduqca əlverişli məkanda yerləşməsi sayəsində Bakı qədim dövrlərdən bəri İpək Yolu üzərində mühüm tranzit məntəqəsi funksiyasını daşımaqdadır.  

Bakı Azərbaycanın ən iri elm və mədəniyyət mərkəzidir. O, ilklərin məkanıdır – müsəlman Şərqində ilk dəfə milli teatr səhnəsi öz pərdəsini burada qaldırıb, ilk opera əsəri burada oynanılıb, ilk Azərbaycan qəzeti burada çap olunub, ilk Azərbaycan kitabxanası burada açılıb. Bu gün Bakıda 30-dan çox muzey, 10 teatr, 40-dan çox dövlət və qeyri-dövlət ali təhsil müəssisəsi, filarmoniya, kinostudiyalar, rəsm qalereyaları, kinoteatrlar var. Onların hamısı şəhərin ən gözəl binalarında yerləşir.

Paytaxtın ictimai həyatı olduqca dinamik və daim inkişafdadır. Son dövrlərdə Bakı özünü bir çox yüksək səviyyəli beynəlxalq tədbirlərin ev sahibi kimi tanıtdırmağa nail olub. Şəhərin mərkəzi və sahilyanı əraziləri həm yerli sakinlərin, həm də qonaqların toplaşdıqları sevimli məkanlardır.

Bakı isti yayı və yağıntılı qışı ilə seçilən yarımquru subtropik iqlimə malikdir. Lakin bu cür iqlimə malik digər şəhərlərdən fərqli olaraq Bakıda yay həddən artıq isti olmur. Bu, iki amillə - şəhərin şimal en dairəsində və Xəzər sahilindəki Abşeron yarımadasında yerləşməsi ilə əlaqədardır. Beləliklə, əlverişli coğrafi mövqeyi Bakını tacirlər üçün ticarət mərkəzinə, səyahətçilər üçün təhlükəsiz liman şəhərinə çevirib. Şəhər mülayim iqlimə, yarımsəhra zonaların üstünlük təşkil etdiyi landşafta malikdir və yerləşdiyi yarımadanın olduqca spesifik küləkləri ilə tanınır. Şimal küləyi (xəzri) yayda havanı sərinləşdirdiyi və qışda soyuqlaşdırdığı halda, cənub küləyi (gilavar) iqlimi il boyu mülayimləşdirir. 

Dənizkənarı Milli Park Xəzərin sahili boyu uzanan heyrətamiz bulvardır. Dövlət Bayrağı Meydanı və səkkizguşəli ulduz formasında olan Dövlət Bayrağı Muzeyi əraziyə xüsusi əzəmət verir. Meydanda inşa olunmuş bayraq dirəyinin hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Dövlət Bayrağı Meydanı yaxınlığında “Baku Crystall Hall” sarayı yerləşir. Məhz burada 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçirilib.

Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi, həmçinin Meydana yaxın ərazidə YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı kimi mədəniyyət obyektləri bu yerləri ziyarət edən qonaqlarda unudulmaz təəssüratlar yaradır. 

Dövlət Bayrağı Meydanı istiqamətindən başlayan Bayıl bulvarında görülən işlər Dənizkənarı Milli Parkın simasını daha da gözəlləşdirir, paytaxta xüsusi yaraşıq verir. Bu cür istirahət mərkəzlərində yaradılan infrastrukturun ən müasir tələblər səviyyəsində olması sakinlərin rahatlığı baxımından mühüm əhəmiyyətə malikdir.

Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni xüsusi bir yaraşıqla daha da cazibədar edir. Bu bulvar əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazidə ən müasir standartlara uyğun şəkildə salınıb.

Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən Su İdmanı Sarayının ümumi sahəsi 72 min kvadratmetrdir.

Azərbaycanın uğurla ev sahibliyi etdiyi “Bakı-2015” ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin, bir sıra yarışlarının keçirildiyi Bakı Olimpiya Stadionu, habelə Milli Gimnastika Arenası, yaxınlıqdakı Böyük Şor bulvarı və parkı şəhərin gözəlliyini daha da artırır.

Şəhər bütövlükdə çəmənlikləri, yollar boyu cərgələnən kolları və ağacları, hər kəsin dincəlməsinə şərait yaradılmış iri parkları ilə yaşıllığa bürünmüş gözəl mənzərəyə malikdir. 

Bakının panoramıNeftçıxarma qurğusuDənizkənarı Milli ParkHeydər Əliyev parkıİçərişəhərBakı gecələri“Park Bulvar” ticarət və əyləncə mərkəziMuzey Mərkəzi“Baku Crystal Hall” və Dövlət Bayrağı MeydanıŞirvanşahlar sarayıDövlət Bayrağı MeydanıHökumət EviBakının panoramıBakının panoramıBakının dənizdən görünüşüŞəhərin Xəzərsahili görünüşüBakı göydələnlərinin panoramıBakının yüksəklikdən panoramıŞəhərin Xəzərsahili görünüşüDənizdən “Fairmont Baku” kompleksinin görünüşüDənizdən Teleqüllənin görünüşüAzərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası“Torqovaya” adı ilə tanınan Nizami küçəsiŞirvanşahlar sarayıŞirvanşahlar sarayı, Seyid Yəhya Bakuvinin türbəsiİçərişəhərİçərişəhərİçərişəhərİçərişəhərİçərişəhərŞirvanşahlar sarayının giriş qapısıBakının mərkəzi küçələrindən biriİçərişəhərRamana qalasıBakı gecələri“Atəşgah” məbədiBibiheybət məscidiİçərişəhərdə qala divarıNizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı MuzeyiNizami meydanıİçərişəhərdə qədimi əşyaların satışıBakıda İstiqlaliyyət küçəsi“ÜNS” Yaradıcılıq SəhnəsiSəməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram TeatrıHeydər Əliyev MərkəziAzərbaycan Xalça MuzeyiBeynəlxalq Muğam MərkəziAzərbaycan Dövlət Musiqili TeatrıÜzeyir Hacıbəyli adına Bakı Musiqi AkademiyasıAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla TeatrıAzərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıYaşıl TeatrQız qalasıMüslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası“Səadət” sarayıAzərbaycan Dövlət Akademik Opera və Balet TeatrıBakı dəmiryolu stansiyasının köhnə binasıTofiq Bəhramov adına Respublika StadionuMilli Gimnastika ArenasıBakı Su İdmanı Sarayı