M.V.LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN BAKI FİLİALI

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2008-ci il yanvarın 15-də yaradılıb. Dərslər innovativ texnologiyalardan və geniş yayılmış nou-haulardan istifadə edilməklə Moskva Dövlət Universitetinin tədris proqramları əsasında aparılır. Hər il filialın tələbələri müxtəlif elmi tədbirlərdə fəal iştirak edirlər. Filial fəaliyyətə başladığı vaxtdan etibarən İsrail, Rumıniya, Türkiyə, Yunanıstan, Kanada və ABŞ-ın aparıcı universitetləri ilə əlaqələr yaratmağa nail olub.

Moskva Dövlət Universitetinin Bakı filialının tələbə şəhərciyində ən yüksək inşaat standartlarına cavab verən yataqxanalar var. Ümumi ərazisi 53.500 kvadratmetr olan şəhərcik müasir avadanlıq, zəngin kitabxana, konfrans zalı, yeməkxana, tələbə mərkəzi, üzgüçülük hovuzu və idman sahəsi ilə təchiz olunub. Hazırda filialda beş bölmə (fakültə) fəaliyyət göstərir.

Tələbələrə həm bakalavr, həm də magistr dərəcəsi almaq imkanı verilir.

  • Filologiya fakültəsi – rus və roman-german filologiyası (ingilis, fransız, italyan, ispan dilləri və ədəbiyyatı)
  • Kimya fakültəsi
  • İqtisadiyyat fakültəsi – iki istiqamət üzrə: iqtisadiyyat və idarəetmə
  • Psixologiya fakültəsi
  • Tətbiqi riyaziyyat fakültəsi

Magistratura bölməsi filialda 2012-ci ildən fəaliyyət göstərir. Magistraturaya filologiya, tətbiqi riyaziyyat, kimya və psixologiya ixtisasları üzrə qəbul aparılır.