TARİX

Beynəlxalq Kimya Olimpiadası keçirmək ideyası 1968-ci ildə keçmiş Çexoslovakiyada meydana gəlib. Onun keçirilməsində məqsəd ölkələr və xalqlar arasında əlaqələri genişləndirmək və elm sahəsində informasiya mübadiləsi aparmaq olub. Çexoslovakiya Milli Komitəsi tərəfindən dəvətnamələr Rumıniya istisna olmaqla bütün sosialist ölkələrinə göndərilib. Lakin 1968-ci ilin mayında Çexoslovakiya ilə Sovet İttifaqı arasında münasibətlər o dərəcədə kəskinləşdi ki, birinci beynəlxalq yarışmada yalnız Polşa və Macarıstan iştirak etdilər.

Birinci Beynəlxalq Kimya Olimpiadası 1968-ci il iyunun 18-dən 21-dək Praqada keçirilib. Üç iştirakçı ölkənin hər biri yarışmaya altı şagirddən ibarət komanda göndəriblər. Orada dörd nəzəri tapşırıq həll edilməli idi. Birinci Olimpiadada növbəti yarışmalar üçün qaydalar təklif edilib.

İkinci Beynəlxalq Kimya Olimpiadası 1969-cu ildə Polşada keçirilib. Bu tədbirdə Bolqarıstan da iştirak edib. Hər komanda beş şagirddən ibarət olub və proqrama eksperimental yarışma da salınıb. Qərara alınıb ki, gələcək yarışmalara daha çox sayda sosialist ölkələri dəvət olunsun və şagirdlərin sayı dörd nəfərlə məhdudlaşdırılsın.

Üçüncü Beynəlxalq Kimya Olimpiadası 1970-ci ildə Macarıstanda təşkil edilib. Orada ADR, Rumıniya və Sovet İttifaqı da iştirak ediblər. Yarışmada şagirdlərə üçdən artıq mükafatlar verilib.

1971-ci ildə Beynəlxalq Kimya Olimpiadası keçirilməyib, çünki 1970-ci ildəki yarışmanın sonunda növbəti tədbirin təşkilatçılığı və ev sahibliyi məsələsində razılıq əldə olunmayıb. Bu məsələ növbəti üç il üçün diplomatik razılaşma yolu ilə həll edilib. Qərara alınıb ki, yarışma 1972-ci ildə SSRİ-də, 1973-cü ildə Bolqarıstanda və 1974-cü ildə Rumıniyada keçirilsin.

1972-ci ildə ilk dəfə Beynəlxalq Kimya Olimpiadası üçün hazırlıq tapşırıqları tərtib edilib. Həmçinin Münsiflər Heyətinin iclasında təklif olunub ki, Vyetnama, Monqolustana və Kubaya dəvətnamələr göndərilsin. Təəssüf ki, bu dəvətnamələr göndərilməyib və 1973-cü ildə yarışmada yeddi ölkə iştirak edib.

1974-cü ildə Rumıniya İsveçi və Yuqoslaviyanı Buxarestdəki Olimpiadaya dəvət edib, Almaniya və Avstriya isə müşahidəçilərini göndəriblər. Almaniya Federativ Respublikası müşahidəçi qismində iştirak edən ilk NATO ölkəsi olub. Bu iştirak Brandt hökumətinin Şərqdə müqavilələri olması sayəsində baş tutub. Beləliklə, 1975-ci ildə Qərbi Almaniya, Avstriya və Belçika da Beynəlxalq Kimya Olimpiadasında təmsil olunublar.

Beynəlxalq Kimya Olimpiadası qeyri-sosialist ölkələri arasında ilk dəfə 1980-ci ildə Avstriyanın Lins şəhərində keçirilib. Orada Sovet İttifaqı iştirak etməyib. Həmin vaxtdan etibarən iştirakçı ölkələrin sayı artmağa başlayıb. Əgər 1980-ci ildə yarışmada 13 dövlət təmsil olunubsa, Frankfurt-Maynda keçirilmiş 1984-cü il Olimpiadasında bu rəqəm 21-ə yüksəlib. 1990-cı illərin əvvəllərində "dəmir pərdənin" aradan qalxması və SSRİ-nin müstəqil dövlətlərə parçalanması ilə iştirakçıların sayı daha da artıb. Bundan əlavə, Asiya və Latın Amerikası ölkələrinin bu tədbirə artmaqda olan marağı iştirakçıların sayında özünü açıq-aydın göstərib. 1998-ci ildə yarışmada ümumilikdə 47 nümayəndə heyəti iştirak edib. Hazırda Beynəlxalq Kimya Olimpiadasına təxminən 80 ölkə qatılır.