Xəbərlər

Həyat həqiqətən nəhəng kimya laboratoriyasıdır

Azərbaycan kimi gözəl bir ölkənin paytaxtı Bakı, sözsüz ki, Beynəlxalq Kimya Olimpiadasının fundamental məqsədlərinə nail olmaq üçün ən münasib məkanlardan biridir. Biz, 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçıları Olimpiadanı qəbul edən tərəfə - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına, eləcə də Azərbaycan xalqına bu ölkənin qədim və zəngin irsi ilə tanışlıq üçün yaradılan gözəl şərait və geniş imkanlara görə çox minnətdarıq.

Kimya fənnində xüsusi istedadı və marağı olan şagirdlərin illik müsabiqəsində - 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak etmək üçün iyulun 20-dən başlayaraq dünyanın 5 qitəsindən 300 məktəbli Bakıya toplaşacaq. Şübhəsiz, onlar bura qızıl medal qazanmaq üçün gələcəklər. Lakin onları Bakıya gətirən səbəb təkcə medal əldə etmək deyil. Onlar həm də yüz il bundan əvvəl ilk neft boru kəmərinin çəkilməsi ilə müasir neft-kimya sənayesinin əsası qoyulan Odlar Yurdu Azərbaycanı -  heyrətamiz kimya ölkəsini görməyə gələcəklər.

Kimya təbiətin kimyəvi mahiyyətini və molekulların transformasiyasını öyrənən elmdir. Bizi əhatə edən mühit, hətta insan orqanizmi belə müxtəlif növ molekullardan – təbii və süni, görünən və görünməyən, rəngli və rəngsiz, bərk və yumşaq, sabit və qeyri-sabit, dadlı və dadsız, şirin və acı, təhlükəli və təhlükəsiz hissəciklərdən təşkil olunub.

Məhz bu aglasığmaz kimyəvi müxtəliflik yaşadığımız dünyanı daha canlı və əsrarəngiz edir. Bu kimyəvi müxtəliflik olmasa, planetimiz kim və nə olduğumuzu öyrənmək eşqi ilə çırpınan insanların olmadığı qaranlıq və darıxdırıcı Aya, yaxud ona bənzər məkana çevrilərdi. Məhz bu səbəbdən kimyanı müasir elmin ən əhəmiyyətli və əsas sahəsi hesab edirlər. Ümumiyyətlə, kimyəvi proseslər haqqında anlayış olmadan kainat və həyat haqqında müəyyən elmi fikir yürütmək mümkün deyil.

Kimya bir elm kimi həm məişətdə, həm də sənayedə geniş tətbiq olunur. Məişət səviyyəsində həyatımızın böyük bir hissəsi kimyəvi proseslərdən asılıdır. Məsələn, adi yemək hazırlanması, yuyunma, təmizlik işləri mahiyyətcə kimyəvi proseslərdir. Biz həm də özümüzü mümkün xəstəliklərdən - ölümcül infeksiyalardan, o cümlədən ebola kimi gözə görünməyən viruslardan qorumaq üçün kimyaya ehtiyac duyuruq. Kimya - neft, kimya və elektronika sahələri də daxil olmaqla sənayenin müxtəlif sahələrində geniş istifadə olunur. Hətta informasiya-kommunikasiya texnologiyaları da kimyasız mövcud ola bilməz.

Kimyaçıların “Həyat həqiqətən nəhəng kimya laboratoriyasıdır” deməyə kifayət qədər səbəbləri var. Təbii, bizi əhatə edən ətraf mühit kimi, kimyanın da qaranlıq tərəfləri mövcuddur. Hazırda qarşılaşdığımız bütün ciddi problemlərdə, o cümlədən iqlim dəyişikliklərinin və təbii ehtiyatların tükənməsinin əsasında kimyanın dayandığını iddia edənlər də var. Kimyanın ekoloji tənəzzülə səbəb olması fikri ilə mübahisə etmək çətindir. Ancaq bununla tam razılaşa bilərik ki, gələcəkdə müvafiq problemlərin həlli məhz kimyanın düşünülmüş və düzgün tətbiqi sayəsində mümkün olacaq.

Beynəlxalq Kimya Olimpiadası insan cəmiyyətinin inkişafı naminə kimyanın daha yüksək səviyyədə tədrisinə nail olmaq üçün ən ciddi qlobal təhsil təşəbbüslərindən biridir. Artıq tarixi hadisəyə çevrilmiş Beynəlxalq Kimya Olimpiadası ilk kövrək addımlarını 1968-ci ildə Çexoslovakiyanın paytaxtı Praqada 3 ölkədən (Çexoslovakiya, Macarıstan və Polşa) olan 18 şagirdin iştirakı ilə atıb. Həmin vaxtdan etibarən Beynəlxalq Kimya Olimpiadası dünyanın 80 ölkəsindən təmsil olunan gələcəyin kimyaçılarını birləşdirməyi bacarıb və beynəlxalq aləm tərəfindən etiraf edilən şərəfli yol keçib.

Qeyd etmək yerinə düşərdi ki, Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarından çoxu bu sahədə uğurlu karyera quraraq, əldə etdikləri bilikləri müvəffəqiyyətlə tətbiq ediblər. Yeri gəlmişkən, hazırkı müsabiqənin müəllimləri və müşahidəçiləri arasında əvvəlki olimpiadaların mükafatçılarına da rast gəlmək olar.

Beynəlxalq Kimya Olimpiadasının əsas vəzifəsi akademik müsabiqə vasitəsilə bir ölkənin sərhədlərindən kənara çıxaraq kimya sahəsində beynəlxalq əlaqələrin qurulmasına kömək etməkdir.

Şagirdlər qarşısında nəzəri və praktik olmaqla, hər biri təxminən 5 saat davam edən kifayət qədər çətin tapşırıqlar qoyulub. Şübhəsiz ki, məktəblilərin kimya məsələlərinin həllinə müstəqil və yaradıcı yanaşması, bu elmin gələcək inkişafında vacib rol oynayacaq. 

Beynəlxalq Kimya Olimpiadası gənc tədqiqatçılara həm də müxtəlif etnik, dini və mədəni mənsubiyyəti olan dostları, həmkarları ilə sıx əlaqələrin əhəmiyyətini dərk etməyə imkan yaradır. Bu mənada Beynəlxalq Kimya Olimpiadası iştirakçılara müxtəlif mədəni və sosial mühitlə təmas təcrübəsi qazanmaq və fərqli həyat tərzi, hətta mətbəx ilə bağlı anlayışlarını zənginləşdirmək üçün müqayisəedilməz imkanlar açır.

Kimya elminin tarixi dəfələrlə əyani şəkildə sübut edib ki, bu cür məsələlərin başa düşülməsi və sıx əlaqələr bu elmin inkişafında, həmçinin gələcəkdə sülhün əldə olunmasında tamamilə əvəzedilməz amildir.

Dakvan Li

Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru

Şəkillərin sayı: