Xəbərlər

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında 47-ci BKO-nun Rəhbər Komitəsinin toplantısı

İyulun 20-dən 29-dək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçiriləcək məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadası ilə əlaqədar olaraq BKO-nun Rəhbər Komitəsinin nümayəndə heyətinin üzvləri - Soqanq Universitetinin (Koreya Respublikası) professoru Dukvan Linin başçılığı ilə Azərbaycanın paytaxtı Bakıda olublar. Rəhbər Komitənin üzvləri 12 ölkədən olan nümayəndələrdən ibarətdir. Onların iki günlük səfərinin məqsədi beynəlxalq tədbirin təşkili üçün gedən hazırlıq işləri ilə tanış olmaqdır. Komitə üzvləri Olimpiadanın nəzəri və praktiki imtahanlarının keçiriləcəyi Universitetin dərs otaqlarını (auditoriyalarını) və kimya laboratoriyalarını yoxlayacaqlar. Onlar Olimpiadanın açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Heydər Əliyev Mərkəzinə və Olimpiadanın komanda rəhbərlərinin, elmi müşahidəçilərinin və şagirdlərin yerləşdiriləcəyi mehmanxanalara baş çəkəcəklər.

Yanvarın 16-da 47-ci Beynəlxalq Kimya Olimpiadasının və onun Təşkilat Komitəsinin sədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Nərgiz Paşayeva Rəhbər Komitənin üzvləri - Soqanq Universitetinin professoru doktor Dukvan Li (Koreya Respublikası), Meksika Milli Universitetinin professoru Karlos Kastro-Akuna (Kosta-Rika), Taybey Milli Pedaqoji Universitetinin kimya fakültəsinin professoru İ-Ci Çanq (Tayvan), Etvoş Loran Universitetinin Kimya İnstitutunun professoru Qabor Madyarfalvi (Macarıstan), Çexiyanın Kimya və Texnologiya Ali Məktəbinin fakültə rəhbəri, fəlsəfə doktoru Petr Holtshauzer, Sinqapur Milli Universitetinin elmi fakültəsinin kimya kafedrasının mühazirəçisi Funq Fun Man, Vyetnam Milli Elmlər Universitetinin kimya fakültəsinin dekan müavini Nquyen Tyen Tao, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin dekan müavini İqrar Nəzərov, Çulalonqkorn Universitetinin professoru Vorovan Bantumnavin (Tailand), Kembric Universitetinin mühazirəçisi Piter Uoters (Birləşmiş Krallıq), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biokimya kafedrasının professoru Aleksandr Qladilin (Rusiya), Bratislava Komenski Universitetinin təbii elmlər fakültəsinin üzvi kimya kafedrasının rəhbəri, fəlsəfə doktoru Martin Putala (Slovakiya) ilə görüşüb.

Nərgiz Paşayeva bildirib ki, Təşkilat Komitəsi Olimpiadanın yüksək səviyyədə keçirilməsinə görə bütün məsuliyyəti üzərinə götürüb. O, tədbirə ev sahibliyi məsələsində ölkəmizə göstərilən yüksək etimada görə dərin minnətdarlığını ifadə edib.

"Bu Beynəlxalq Kimya Olimpiadası uzunmüddətli tarixi olan neft hasilatı sənayesinə və kimya elmi sahəsində zəngin ənənələrə malik Azərbaycan üçün çox önəmli bir hadisə olacaq", – deyə Təşkilat Komitəsinin sədri diqqətə çatdırıb.  

Nərgiz Paşayevanın sözlərinə görə, Olimpiadanın əsas vəzifələrindən biri şagirdlərin bacarıqlarının nəticələrini ədalətli şəkildə əks etdirəcək şəffaflıqdır. Hər hansı anlaşılmazlığın qarşısını almaq məqsədilə rektor tərəfindən Olimpiadanın bütün iştirakçıları üçün "qaynar xətt" yaradılıb ki, yarışma zamanı bütün qeydlərə və rəylərə diqqət yetirilsin.  

Olimpiada iştirakçılarının yaş həddi 20-dən aşağı olmasına baxmayaraq, iştirakçılar əsasən məktəblilər olacaq. "Biz şagirdlərdə bu cür elmi yarışmalara inam aşılamalı və onlarda elmə maraq oyatmalıyıq", – deyə Nərgiz Paşayeva qeyd edib.  

Rektor Nərgiz Paşayeva vurğulayıb: "Tələbələrin rəyləri mənim üçün hər zaman çox önəmli olub. Şagirdlər əmin olmalıdırlar ki, hətta onlar imtahandan keçə bilməsələr də bu yarışmada hər şey ədalətli olacaq. İstərdim ki, kimsə bizim Universitetdən, Olimpiadanın təşkilatçılarından, münsiflər heyətindən, yaxud bütövlükdə bu tədbirdən narazı qalmasın".

"Olimpiada təşkilatçılarının üzərinə böyük vəzifələr düşür. Bu vəzifələr təkcə Olimpiadanın təsirini genişləndirməkdən və kimyaya marağı artırmaqdan ibarət deyil, həm də istedadlı gənclərin üzə çıxarılmasına imkan yaratmaqdan ibarətdir", – deyə Nərgiz Paşayeva bildirib.  

Olimpiadanın Rəhbər Komitəsinin sədri cənab Dukvan Li Azərbaycanda gördüklərindən və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında yaradılan şəraitdən məmnunluğunu ifadə edib. O deyib: "Azərbaycana səfərimiz əksəriyyətimiz üçün ilk dəfədir. Biz Olimpiadanı daha uğurlu və məhsuldar etmək üçün buraya gəlmişik. Olimpiadanın keçirilməsində böyük uğura nail olmağınızı arzu edirəm. Bunun üçün əlimizdən gələni edəcəyik".

Olimpiadanı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirmək qərarı Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsi tərəfindən 2012-ci ilin iyulunda Vaşinqtonda bəyənilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan MDB ölkələri arasında Rusiyadan sonra şagirdlərin Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi etmək hüququ qazanmış ikinci ölkədir. Bu qərar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının nüfuzunun və xidmətlərinin beynəlxalq səviyyədə tanınmasının sübutudur.