Xəbərlər
Cümə günü M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin nümayəndə heyəti - fakültənin dekanı, Rusiya Elmlər Akademiyasının akademiki Valeri Luninin rəhbərliyi ilə Universitetin Bakı filialında olub. Gəlişin məqsədi 2015-ci ildə Moskva Dövlət Universitetinin Bakı filialında keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasına hazırlıq işlərini müzakirə etmək olub.
Filialın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva görüşdə deyib: "Gələn yay Bakıda keçiriləcək önəmli tədbirin elm və təhsillə sıx bağlı olduğunu söyləsəm yanılmaram. Bu, məktəblilər arasında Beynəlxalq Kimya Olimpiadasıdır. Bu tarixi hadisə bizim Universitetin binasında baş tutacaq və bu mühüm tədbirdə 80 ölkədən olan 250 məktəblinin iştirakı gözlənilir. Təxminən 250 alimlə yanaşı, kimya mütəxəssisləri və müəllimləri də ölkəmizə səfər edəcəklər".
Professor Nərgiz Paşayevanın sözlərinə görə, Olimpiadanın əsas məqsədi istər elmi sahədə, istərsə də tədris proqramları çərçivəsində tələbələrdə kimya elminə maraq oyatmaqdır. O diqqətə çatdırıb ki, belə fəaliyyətlər beynəlxalq xarakterlidir və müxtəlif ölkələrdən olan müəllimlər və şagirdlər bir araya gələcək və təcrübələrini paylaşacaqlar. "Bugünkü dünya ziddiyyətlərlə doludur, elm və mədəniyyət elə sahələrdir ki, burada müzakirələr konstruktivdir, çünki onlar sırf elmi xarakter daşıyır və münaqişələrin həllində açar rolunu oynaya bilər", – deyə Nərgiz Paşayeva bildirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru qeyd edib ki, Olimpiadanın timsalında bu günün məktəbliləri sivilizasiyanın, o cümlədən Azərbaycanın gələcəyi üçün kimyanın mühüm rolunu dərk edəcəklər. Olimpiadaya dəstək verən təşkilatların bütün zəruri yardımları göstərəcəyinə ümidvar olduğunu bildirən Nərgiz Paşayeva deyib: "Belə tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın imicinə böyük dəstəkdir".
Akademik V.V.Lunin vurğulayıb ki, Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Kimya Olimpiadası ölkənin, beynəlxalq elmi olimpiadaların və Moskva Dövlət Universitetinin Bakı filialının tarixində əlamətdar hadisədir. Onun sözlərinə görə, Olimpiada iştirakçıların və dünya ictimaiyyətinin Azərbaycan haqqında daha doğru məlumatlar əldə etməsinə imkan yaradacaq.
"Bu Olimpiada Azərbaycan üçün bir çox səbəblərdən qeyri-adi sayılır. Əminəm ki, bu nüfuzlu yarışma Azərbaycanda təhsilin inkişafında olduqca mühüm əhəmiyyət daşıyacaq", – deyə V.V. Lunin bildirib.
Beynəlxalq Kimya Olimpiadası milli kimya olimpiadalarının qalibləri olan məktəblilərin illik yarışması olaraq mühüm hadisədir. Azərbaycanın ev sahibliyi edəcəyi 47-ci Beynəlxalq Kimya Olimpiadasında 80 ölkədən, o cümlədən Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Çexiya Respublikası, ABŞ, Kanada, Yaponiya, Çin və digər ölkələrin komandaları iştirak edəcək. Bir çox dövlətlərin başçıları bu qədər mühüm tədbirlərin keçirilməsinə dəstək verirlər. Olimpiadanın Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsi qərarı Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsi tərəfindən 2012-ci ilin iyulunda Vaşinqtonda qəbul edilib. Qeyd etmək istərdik ki, Azərbaycan MDB ölkələri arasında Rusiyadan sonra məktəblilərin Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi etmək hüququ qazanmış ikinci ölkədir. Bu qərar Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının nüfuzunun və xidmətlərinin beynəlxalq səviyyədə tanınmasının sübutudur.
Beynəlxalq Kimya Olimpiadası Komitəsinin tələblərinə uyğun olaraq, filialın rəhbəri professor Nərgiz Paşayeva tərəfindən sədrlik edilən 47-ci Olimpiadanın Təşkilat Komitəsi yaradılıb.
Hazırda çoxlu işlər görülüb: Olimpiadanın saytı (http://icho2015.msu.az) ilə yanaşı, Olimpiadanın qəzeti "Katalayzer"in birinci buraxılışı və yarış iştirakçıları üçün tələblərin ilkin proqramı hazırlanıb.
Bu gün Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycanda kimyanın müxtəlif sahələri və kimyəvi məhsullar istehsalı üzrə mütəxəssislər hazırlayan aparıcı kimya tədrisi mərkəzidir.
Filialın kimya fakültəsində tələblərin bilik və bacarıqlarının inkişafı üçün hər cür əlverişli şərait yaradılıb, müasir avadanlıqla təchiz olunmuş müxtəlif laboratoriyalar təşkil edilib.
Bu fakültənin məzunları həm dövlət strukturlarında, həm də özəl şirkətlərdə özlərinə layiqli iş tapırlar.