Xəbərlər

Azərbaycan Beynəlxalq Kimya Olimpiadasının bayrağını qəbul etdi

İyulun 20-dən 29-dək Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda orta məktəb şagirdləri arasında 46-cı Beynəlxalq Kimya Olimpiadası keçirilib  və bu yarışma 77 ölkədən 291 məktəblini bir araya gətirib. Azərbaycanı dörd məktəbli - Murad Rəhimov (Gəncə), Cavid Əhmədov (Ağdaş), Kərim Kərimli (Gəncə) və Dilqəm Əhmədli (Şirvan) təmsil edib.

Təmsilçilərimiz M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında MDU-nun mühazirəçiləri İqor Truşkovun (üzvi kimya – nəzəriyyə), Aleksey Çaqarovskinin (üzvi kimya – praktika) və Sergey Karqovun (üzvi kimya – nəzəriyyə və praktika) rəhbərliyi altında Olimpiadaya hazırlıq keçiblər. Onları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva dəvət etmişdi. Olimpiadanın Azərbaycandan olan iki məktəbli Murad Rəhimov (Gəncə Özəl Türk Liseyi) bürünc medala, Cavid Əhmədov fəxri fərmana layiq görülüb.

46-cı Beynəlxalq Kimya Olimpiadasının bağlanış mərasimi iyulun 28-də keçirilib. Ənənəyə  uyğun olaraq, mərasim zamanı Hanoydakı təşkilatçılar Olimpiadanın bayrağını Azərbaycanın nümayəndəsinə – Moskva Dövlət Universitetinin Bakı filialının beynəlxalq əlaqələr üzrə rektor müavini, fizika-riyaziyyat elmləri doktoru professor Oqtay Tağıyevə təhvil veriblər.

2015-ci ildə Moskva Dövlət Universitetinin Bakı filialında keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasının əsas məqsədi gənclərdə, xüsusən dünyanın bütün ölkələrindən olan şagirdlərdə kimya elminə maraq oyatmaqdır. Tədbirdə 80 ölkədən olan şagirdlərin milli komandalarının iştirakı gözlənilir.

Azərbaycan MDB ölkələri arasında Rusiyadan sonra orta məktəb şagirdlərinin Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi etmək hüququ qazanmış ikinci ölkədir.

Olimpiadanın Moskva Dövlət Universitetinin Bakı Filialında keçirilməsi qərarı Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsi tərəfindən 2012-ci il iyulun 3-də Vaşinqtonda qəbul edilib. Bu qərar 2008-ci ildə yaradıldığı vaxtdan etibarən filialın nüfuzunun və əldə etdiyi nəticələrin beynəlxalq səviyyədə tanınmasının sübutudur.

Universitetin filialının kimya fakültəsi bütün zəruri şəraitə, yəni müasir avadanlığı olan müxtəlif laboratoriyalara malikdir. Azərbaycan kimya elminin, xüsusən müasir iqtisadiyyatda mühüm rol oynayan neft kimyasının yüksək səviyyəsi ilə həmişə məşhur olub. Hazırda Moskva Dövlət Universitetinin Bakı filialı kimya elminin müxtəlif sahələri və kimyəvi məhsulların istehsalı üzrə mütəxəssislər hazırlayır.

Müəyyən edilmiş qaydalara əsasən, Azərbaycanda 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi yaradılıb və ona Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva sədrlik edir.

Bu günədək 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi mühüm nəticələrə nail olub: Olimpiadanın saytı və bütün iştirakçılar üçün proqram hazırlanıb, habelə Olimpiadanın nəzəri və eksperimental hissələrinin keçirilməsi üçün zəruri olan otaqlar (auditoriyalar) və laboratoriyalar hazırlanıb.

Bütün iştirakçılar 2015-ci ildə Moskva Dövlət Universitetinin Bakı filialında keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasına hazırlaşır və onun başlanmasını səbirsizliklə gözləyirlər. 

Şəkillərin sayı: