ÖLKƏ
Zəngin təbii sərvətləri olan, çoxəsrlik tarixi və səmimi qonaqpərvərliyi ilə tanınan Azərbaycan Asiya və Avropanı birləşdirən, Xəzər hövzəsi bölgəsində və Qafqazda ənənəvi olaraq mühüm rol oynayan ölkədir. Azərbaycan beş dövlətlə həmsərhəddir. 9 milyon 627,9 min əhalisi (2015-ci ilin iyun ayına olan məlumat) və 86,6 min kvadratkilometr ərazisi olan Azərbaycan Cənubi Qafqazda ən böyük ölkədir.
Şəlalələr, göllər, təbii qoruqlar və vəhşi təbiət – bütün bunlar Azərbaycanı həqiqətən valehedici edir. Qədim istehkamlar, saraylar, abidələr və daş dövrünə gedib çıxan qayaüstü rəsmlər, habelə atəşpərəstliyin məşhur müqəddəs ocaqları ölkənin özünəməxsus gözəlliyinə əlavə çalarlar qatan maraqlı yerlərdir. Yerli sakinləri üçün müqəddəs olmuş təbii alov çıxan yerlər əsrlər boyu öz dəyərini qoruyub saxlayıb və ölkənin hazırkı adında (Azərbaycan – Odlar Diyarı) öz əksini tapıb.
Qarabağda yerləşən Azıx mağarasının tarixi ən qədim dövrlərdən birinə – Aşel mədəniyyəti erasından əvvəlki dövrə (750 min – 1,5 milyon il əvvələ) gedib çıxır. Qobustandakı heyrətamiz qayaüstü təsvirlərin (petroqliflərin) yaşı isə təxminən eramızdan əvvəl 40-10-cu minilliklərə təsadüf edir.
Məhz Qobustanda Böyükdağ, Kiçikdağ, Cingirdağ, Şonqardağ və Şıxqaya dağlarının parçalanması nəticəsində "çoxlu qaya parçaları" meydana çıxıb. Daş dövründə və sonrakı dövrlərdə yaşamış Azərbaycan əhalisinin keçmişinə aid faktlar qayaüstü rəsmlər, yaşayış məskənləri, məzarüstü daşlar və digər formalarda cəmləşib. Onların arasında qədim qayaüstü rəsmlər xüsusi yer tutur.
Azərbaycan Qafqazda ən çox əhali sıxlığına malik olan böyük sənaye mərkəzidir.
Ölkənin böyük neft ehtiyatları iqtisadiyyata mühüm töhfə verir və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilişinin yekunlaşması sovet dövründən sonra mərkəzləşmiş planlı iqtisadiyyatdan neftə əsaslanan iqtisadiyyata keçidə öz möhürünü vurub. Ölkədə qlobal və regional əhəmiyyətli neft-qaz layihələri dünya dövlətlərinin diqqət mərkəzindədir.
Azərbaycanda günəşli saatların illik miqdarı 1800-2900 saat arasında dəyişir. Azərbaycan Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində, subtropik zonanın şimal qurtaracağında yerləşir. Onun bu mürəkkəb coğrafi mövqeyi və landşaftı, habelə Xəzər dənizinə yaxın olması, günəş şüalarının, müxtəlif mənşəli hava kütlələrinin təsiri onun iqliminin müxtəlifliyinə şərait yaradır. Ölkə 13 iqlim zonasından 9-na malik olması ilə fəxr edir.
Dünyada mövcud olan palçıq vulkanlarının az qala yarısının yatağı Azərbaycandadır. Palçıq vulkanları Azərbaycanda geniş yayılıb və dünyadakı 800 palçıq vulkanının təxminən 350-si onun sərhədləri daxilində yerləşir. Yerli əhali onları "palçıq vulkanları" kimi coğrafi adları ilə yanaşı, həm də "Yanardağ", "Pilpilə", "Qaynaça" və "Bozdağ" adlandırır. Azərbaycanda həmçinin yeraltı və sualtı palçıq vulkanları mövcuddur. Xəzər dənizində 140-dan artıq sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada palçıq vulkanı mənşəlidir. Digər növ palçıq vulkanları quyularla aşkar edilib, onların fəaliyyətinin izlərinə müxtəlif yaşlı layların arasında rast gəlinir. Tədqiqatlara əsasən, Azərbaycan ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 milyon il əvvələ aiddir. Bu fenomeni dünyanın yeni möcüzələri sırasına daxil etmək təklifi irəli sürülür.
Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlib, onların idarəetmədəki rolu artıb. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı müvafiq sahədə həyata keçirilən işlərə böyük töhfədir.
Azərbaycan dərin köklərə malik ənənələri ilə tanınır. Ölkənin unikal mədəniyyəti onun musiqisində, poeziyasında və memarlığında öz əksini tapıb. Azərbaycan bir çox məşhur ziyalıların, alimlərin, şairlərin və musiqiçilərin vətənidir. Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının ayrılmaz hissəsidir. Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi dahilərin əsərləri bütün dünyada tanınır. Azərbaycanın musiqi ənənələri böyük keçmişə malikdir. Muğam ölkənin zəngin musiqi irsinin həqiqətən də qiymətli incisidir.
Azərbaycan muğamı, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənəti və Novruz bayramı UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilib.