News

Bakıda ümumdünya bilik müsabiqəsinin ilk imtahanı keçirildi

Fərqli dillərdə səslənən həyəcanlı sözlər, ürkək baxışlar, ümid dolu gözləntilər – bunlar Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən olimpiada iştirakçılarının hisslərinin yalnız cüzi qismidir. 

İki gün öncə təntənəli açılış mərasimi ilə start götürən 47-ci Beynəlxalq Kimya Olimpiadası (BKO) çərçivəsində artıq ilk imtahan baş tutub. Məlum olduğu kimi, dünya səviyyəli bilik müsabiqəsinə bu il Azərbaycanın ən nüfuzlu təhsil ocaqlarından olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ev sahibliyi edir. Universitet öz qapılarını 75 ölkədən qonaq gələn istedadlı məktəblilərin üzünə açıb.

İyulun 23-də Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının kampusunda məktəblilər üçün ilk sınaq - praktiki imtahan keçirilib. 5 saat davam edən  imtahan Olimpiadanın qaydaları və ciddi təhlükəsizlik şərtləri altında baş tutub.

47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, MDU Bakı filialının rektoru, professor Nərgiz Paşayeva imtahandan öncə imtahanın təşkilatçıları və nazərat heyəti ilə görüşüb. Daha sonra prosesin gedişini izləyən N.Paşayeva zəruri göstərişlərini verib.  MDU-nun kimya fakültəsinin dekanı, 47-ci BKO Təşkilat Komitəsinin sədr müavini Valeri Vasilyeviç Lunin də müsabiqənin gedişinə nəzarət prosesi ilə yaxından tanış olub.

MDU-nun laboratoriyalarında keçirilən praktiki müsabiqə zamanı 292 şagird qoyulmuş tapşırıqları icra etməyə cəhd göstəriblər. 75 ölkənin komanda üzvləri BKO təşkilat komitəsi tərəfindən hazırlanmış orijinal və qeyri-standart yanaşma tələb edən məsələlər üzərində işləyiblər. Tapşırıqlar elə formada hazırlanıb ki, onların icrası iştirakçılara zəngin laborator cihazlardan istifadə etmək, öz bacarıqlarını praktikada tam nümayiş etdirmək imkanını yaradıb.

İmtahan başa çatdıqdan sonra sınaq işlərinin nəticələri qiymətləndirilmək üçün BKO-nun münsiflər heyəti üzvlərinə göndərilib. Qaydalara əsasən, laboratoriya işlərinə maksimal 40 bal verilir. Münsiflər heyətinin iclasları isə Qəbələdə keçirilir. 

Qeyd etmək yerinə düşərdi ki, 47-ci BKO üçün praktiki tapşırıq hazırlayan müəlliflər çox rahat işləyiblər. Çünki MDU-nun Bakı filialı eksperimental baza və laboratoriya kommunikasiyasına kifayət qədər sərmayə yatırıb. Bu da imtahan tapşırıqlarını hazırlayan mütəxəssislərin heç bir məhdudiyyət olmadan hər cür mövzulara toxunmasına imkan verib.

Hazırda filialda 16 kimya laboratoriyası fəaliyyət göstərir. Praktika otaqları müasir avadanlıqla təchiz olunub. Aparıcı şirkətlər tərəfindən təqdim olunan  cihazlar tələbələrin eksperimental kimya ilə ciddi şəkildə məşğul olması, mühazirə zamanı qavranılan materialların praktikada sınanmasına şərait yaradır. Kimya laboratoriyalarında müasir refraktometlər, ultrasəs vannalar, quruducu şkaflar, nasoslar,dikstilyatorlar, tenziometrlər, konduktometr və digər zəruri kimyəvi avandanlıq və qablar, digər cihazlar var.

Azərbaycanın ən nüfuzlu tədris ocaqlarından olan Moskva Dövlət Universitetinin filialında tələbələr üçün yaradılmış şərait 47-ci Beynəlxalq Kimya Olimpiadasının qonaqları – elmi müşahidəçilər, mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilib. Dünyanın hər nöqtəsindən Bakıya təşrif buyurmuş elm adamları modern üslubda tikilmiş universitet kampusları, təhlükəsizlik şərtlərinə tam tələb verən müasir laboratoriyalar və dərs otaqları ilə tanış olublar. Qonaqlar bu tip laboratoriyalarda gələcəyin alimlərinin istənilən səviyyəli elmi araşdırmaları, çətin təcrübələri həyata keçirə biləcəyini xüsusi vurğulayıblar.

Bu ümumdünya kimya müsabiqəsinin qaydalarına görə, medallar uğrunda yalnız yaşı 20-dək olan məktəblilər iştirak edə bilər. Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə baş tutan yarışmanın şərtləri burada yalnız 1 iyul tarixinə kimi yaşı 20-ni keçməyən məktəblilərin iştirakına icazə verir.

Elmi bacarıqlarını sınamaq üçün Bakıya gələn yüzlərlə şagird arasında ən böyük və ən kiçiyinin yaşları arasında 5 il fərq var. Belə ki, BKO-ya qatılan məktəblilərdən Danimarkadan olan Lourids Abelsen Holm 1995-ci il təvəllüdlüdür və hazırda 20 yaşın içindədir. Bu il avqustun 13-də onun 20 yaşı tamam olacaq. Lourids yubiley ad gününü Azərbaycanın əsrarəngiz paytaxtı Bakıda qeyd edə bilməyəcəyindən təəssüflənir.

Olimpiadanın ən kiçik iştirakçısına gəlincə, o, 15  yaşın içindədir. Nigeriya komandasının üzvü Oluvatosin Mariam Oloyed 2000-ci il dekabrın 4-də dünyaya göz açıb. Oluvatosin inanır ki, olimpiadada uğur qazanmaq üçün yaş faktorunun o qədər də böyük əhəmiyyəti yoxdur.

BKO proqramına əsasən, iyulun 25-də Olimpiada iştirakçılarını növbəti sınaq -  kimya nəzəriyyəsi üzrə bilik yarışması gözləyir. İmtahanlararası qalan asudə vaxtda isə dünyanın dörd bir yanından gələn şagird və qonaqlar Bakının gəzməli-görməli yerləri, qədim tarixi abidələri, füsunkar memarlıq nümunələri, muzey və müasir əyləncə yerləri ilə tanış olacaqlar.

47-ci Beynəlxalq Kimya Olimpiadasının təşkili və gedişi haqqında daha ətraflı məlumat almaq üçün ingilis və Azərbaycan dillərində fəaliyyət göstərən http://icho2015.msu.az/ veb-səhifəsinə müraciət etmək olar.

Saytda həmçinin, yarış müddətində dərc olunan gündəlik “Katalayzer” jurnalının materialları ilə də tanış olmaq mümkündür. 

Items per page: