News

47-ci Beynəlxalq Kimya Olimpiadasının təntənəli açılış mərasimi keçirildi

İyulun 21-də Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi olub.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Olimpiadanın açılış mərasimində 75 ölkədən 292 olimpiadaçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Əvvəlcə 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edən komandalar təqdim olunub. Sonra Olimpiada haqqında videoçarx nümayiş etdirilib.

Açılış mərasimində 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz PAŞAYEVA çıxış edərək dedi:

- 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarını, möhtərəm alimləri, dəyərli qonaqları salamlayır, hər birinizə “Xoş gəlmisiniz” deyirəm.

Bu əhəmiyyətli və fərəhli tədbirin prezidenti olmaqdan məmnunluq və şərəf hissi duyuram. Sevincimin, qürurumun əsas ilham mənbəyi isə burada əyləşmiş gənclər – Olimpiada iştirakçılarıdır. Eşq olsun Sizə!

Əziz uşaqlar, Olimpiadanın şərtlərinə uyğun olaraq sizi müsabiqə, həqiqi yarış və əlbəttə ki, həyəcan dolu saatlar, anlar gözləyir. Şübhə etmirəm ki, sizlər artıq kimya elminə dair biliklərə yiyələnmiş, sağlam rəqabətə, həqiqi sınaqlara hazır olan gənclərsiniz. Əziz dostlar, əmin olun ki, bizim ölkədə olduğunuz müddət Azərbaycan, Bakı şəhəri, Universitetimiz müvəqqəti olaraq sizin evinizə çevriləcək. Ümidvaram ki, bu evin qonaqpərvərliyini, insanpərvərliyini, xeyirxahlığını bizimlə birgə olduğunuz hər bir an hiss edib, duyacaqsınız. Müsabiqənin obyektiv, ədalətli, yarış məkanının doğru, şəraitin tam uyğun olması üçün əlimizdən gələni əsirgəməmişik. Çünki sizin arzularla bizim arzular, sizin ümidlərlə bizim ümidlər, sizin qələbələrlə bizim qələbələr ayrılmazdır və bir vəhdət təşkil edir. Siz, gələcəyin kimyaçı alimləri qəlbinizdə daim dərk etmək, kəşf etmək hünərini, icad etmək, anlamaq ehtirasını, alovunu daşımalısınız. Bu istək, bu alov və bu həvəs heç zaman zəifləyib sönməməlidir. Bəşəriyyət addım–addım, mərhələ-mərhələ mövcud aləmi, dünyanı, təbiəti, kainatı öyrənməyə, izah etməyə can atıb, çalışıb və həmişə çalışacaq. Uğurlu gələcəyin saf qəlbli və aydın zəkalı insanlardan – alimlər ordusundan asılı olduğuna əsla şübhə etməyin. Şübhə etməyin ki, kəşf edilməmiş mətləblər, bu gün elm üçün sirr olan bir çox məqamlar sizin təqdimatınızı gözləyir.

Əziz dostlar, bu gün hamımız anlayırıq ki, planetimiz o qədər də böyük deyil. Məhz bu səbəbdən Bakı Olimpiadasının şüarını – “Həyat sanki böyük bir kimya laboratoriyasıdır”, – deyə seçdik. Unutmayın ki, bu laboratoriyanın böyük bir hissəsi canlı təbiətdən – bizi yaradan və yaşadan təbiətdən ibarətdir. Təbiəti qorumaq gözəlliyi qorumaq deməkdir – gözəlliyi qorumaq həqiqəti qorumaq deməkdir, həqiqəti qorumaq mənəviyyatı qorumaq deməkdir, mənəviyyatı qorumaq isə bəşəriyyəti qorumaq deməkdir. Sizlər bu dəyərlərin daşıyıcıları olmalısınız. Çünki bu dəyərlər olmadan biliklər mənasız, elm məhdud və aciz, bəzən isə hətta təhlükəli ola bilər. Səxavətli, xeyirxah, geniş, humanist ürək və mərd, işıqlı, istedadlı zəka – budur ideal!

Dahi yazıçı Hötenin dediyi kimi, “Elm bütün insanlara mənsubdur və elmin milliyyəti olmur”. Bu gün bu zalda 75 ölkəni təmsil edən 75 komanda əyləşib. Hər bir komandanın üzvləri daxilən və zahirən müxtəlif, ayrı–ayrı dillərdə danışan və dəyişik ənənələrə bağlı olan insanlardır. Eyni zamanda, bu gün bizi bir araya gətirən, birləşdirib bir komanda edən əvəzsiz amil göz qabağındadır. Məhz bu amil bizi bir ölkənin, sərhədsiz məmləkətin, ümumi məmləkətin vətəndaşlarına çevirir. Bu məmləkətin adı isə Elm, Təhsil və Mədəniyyətdir. Bu məmləkət sarsılmaz məmləkətdir. Onun öz simvolları da var. Məmləkətin bayrağı işıq, yəni, günəş, himni quşların, bülbüllərin nəğməsi, ağacların pıçıltısı, dalğaların səsi, nişanəsi isə həyatın, varlığın özüdür.

Bir daha sevgi dolu ürəklə sizi salamlayır, gənc iştirakçılara uğurlu nəticələr, maraqlı anlar, xoş əhval–ruhiyyə, tükənməz həvəs, səbir, möhkəm iradə və daxili inam arzulayıram. İcazənizlə Moskva Dövlət Universitetinin Bakı Filialının təşkilatçılığı ilə 2015-ci ildə Bakıda, Azərbaycanda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edirəm!

Baş nazirin müavini İsmət ABASOV Azərbaycan hökuməti adından Olimpiada iştirakçılarını salamlayaraq dedi:

“Əminəm ki, paytaxtımızda keçirəcəyiniz günlər sizə xoş təəssürat və gözəl əhval-ruhiyyə bəxş edəcək. Müasir memarlığın əzəmətli abidəsi olan Heydər Əliyev Mərkəzinin bu gün öz qapılarını gələcəyin alimlərinin üzünə açması ölkəmizdə təhsilə, elmə və biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasına göstərilən misilsiz qayğının əyani təzahürüdür. Əminəm ki, Olimpiadanın keçirildiyi günlərdə siz bunu bir daha görəcəksiniz. Ümidvaram ki, Olimpiadanın təşkili üzrə bütün qayğıları öz üzərinə götürən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbərliyi, onun professor və müəllimləri bu günlərdə hər bir iştirakçıya qayğı və dəstək göstərəcəklər”.

Tarix boyu Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını deyən İsmət Abasov bu gün ölkəmizdə həyata keçirilən bütün işlərin dövlətimizin başçısının hələ 2003-cü ildə irəli sürdüyü “Ölkənin qara qızılını insan kapitalına çevirək” tarixi çağırışı əsasında aparıldığını bildirdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsilin, elmin, mədəniyyətin inkişafına diqqət və qayğı göstərildiyini deyən Baş nazirin müavini həyata keçirilən layihələrin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğuladı. İyulun 21-nin Azərbaycan tarixinə gənclərin intellektual yarışı kimi daxil olacağını deyən İsmət Abasov Olimpiada iştirakçılarına uğurlar arzuladı.

Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Lİ çıxışında Olimpiada iştirakçılarını Odlar Yurdu Azərbaycanda salamlamaqdan məmnun olduğunu vurğuladı. O, Olimpiadanın yüksək səviyyədə təşkilinə görə Moskva Dövlət Universitetinin Bakı filialına və universitetin rektoru, 47-ci Olimpiadanın prezidenti, professor Nərgiz Paşayevaya dərin minnətdarlığını bildirdi.

Dakvan Li Olimpiadada kifayət qədər maraqlı sualların olacağını dedi. Rəhbər Komitənin sədri yarışmanın ədalətli aparılacağına da diqqəti çəkərək bildirdi: “Yarışma həyatımızın ayrılmaz hissəsidir. Yarışaraq siz həyatınızda irəliləyişə nail ola bilərsiniz. Kimya elmi də yarışma sayəsində inkişaf edir”.

“Azərbaycan ecazkar ölkədir. Neft sənayesi burada yüz il bundan əvvəl fəaliyyətə başlayıb. İlk neft boru kəməri də Bakıda çəkilib. Buna görə də Beynəlxalq Kimya Olimpiadasını keçirmək üçün Bakıdan yaxşı yer tapa bilməzsiniz”, - deyə Dakvan Li qeyd edib.

Daha sonra dünyanın tanınmış alimləri Olimpiada iştirakçılarına təbriklərini çatdırıblar.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor SADOVNİÇİ təbrik məktubunda rəhbərlik etdiyi ali təhsil ocağında Beynəlxalq Kimya Olimpiadasının 3 dəfə təşkil olunduğunu diqqətə çatdırıb. “Bu il Olimpiada ilk dəfə olaraq Azərbaycan Respublikasının paytaxtı gözəl Bakı şəhərində keçirilir. Bizim Universitet yenə də bu tədbirdə yaxından iştirak edir. Ona görə ki, tədbirin ev sahibi MDU-nun Bakı filialıdır”, - deyə akademik vurğulayıb.

1992-ci ilin kimya üzrə Nobel mükafatçısı Rudolf Artur MARKUS videomüraciətində Beynəlxalq Kimya Olimpiadasının müxtəlif mədəniyyətlərlə tanış olmaq və kimya haqqında daha çox bilik əldə etmək üçün gözəl bir fürsət olduğunu deyib. “Dəfələrlə səfər etdiyim Bakı, sözsüz ki, çox füsunkar, tarixi keçmişi və əhalisinin səmimiliyi ilə tanınan bir şəhərdir”, - deyə Nobel mükafatçısı vurğulayıb.

Kimya üzrə 1999-cu ilin Nobel mükafatı laureatı, professor Əhməd ZEVAYL Olimpiadanın Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. “Beynəlxalq Kimya Olimpiadası parlaq zəkaya malik gənclərlə birlikdə kimyanın gözəlliyini və zənginliyini bayram etmək üçün nüfuzlu bir yarışmadır. Onlar dünyanın müxtəlif ölkələrindən həmyaşıdları ilə intellektual birliyə daxil olaraq gələcəyin elmi ictimaiyyətini formalaşdırırlar. Əminəm ki, siz Bakını özünüz üçün füsunkar bir şəhər kimi kəşf edəcək və Azərbaycan xalqının qonaqpərvərliyindən zövq alacaqsınız”, - deyə təbrikdə vurğulanır.

Dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Universitetinin professoru Lütfi ZADƏ də bu möhtəşəm bilik yarışmasında məktəblilərə müraciət edib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirdiyini diqqətə çatdıran alim 47-ci Beynəlxalq Kimya Olimpiadasının bu ölkədə keçirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın elm, texnologiya və mədəniyyət sahələrində əldə etdiyi inkişaf və nailiyyətlərinin mühüm göstəricisi olduğunu bildirib.

“Bu Olimpiadanın Bakıda keçirilməsi heç də təəccüblü deyil, çünki Bakı elm və təhsilə böyük qayğı göstərən, çox sürətlə inkişaf edən şəhərdir”, - deyə Merilənd Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü və ABŞ Milli Elmlər Akademiyasının üzvü Roald SAQDEYEV tədbir iştirakçılarına videomüraciətində qeyd edib. O vurğulayıb ki, bəşəriyyətin gələcəyi gənc tədqiqatçıların kimya elminin insan həyatına, sənayeyə, ətraf mühitə təsiri məsələlərinə necə yanaşmasından asılı olacaq.

Tədbirdə gənc tarzən Cavanşir Rüstəmbəyli, xalq artisti Azər Zeynalov, müğənni Aqşin Abdullayev, eləcə də istedadlı gənclərin ifasında Azərbaycan musiqisi və mahnıları təqdim olunub. Mərasimdə Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan Dövlət kamera orkestri, Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri, habelə rəqs kollektivləri çıxış ediblər.

İyulun 29-dək davam edəcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilər kimya üzrə nəzəri və praktik biliklərini Moskva Dövlət Universitetinin Bakı filialında sınayacaqlar. Elm və tədris bazasını durmadan gücləndirən bu təhsil ocağında ən müasir avadanlıqla təchiz edilmiş kimya laboratoriyaları yaradılıb. Hazırda Bakı filialının kimya fakültəsi ölkədə bu sahə üzrə ən güclü tədris mərkəzlərindən biridir.

47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Vaşinqtonda 44-cü Olimpiadanın Beynəlxalq Münsiflər Heyəti tərəfindən qəbul edilib. 2014-cü ildə Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən 46-cı Beynəlxalq Kimya Olimpiadasının bağlanış mərasimində müsabiqənin bayrağı Azərbaycana – 47-ci Olimpiadanın təşkilatçısı olan Moskva Dövlət Universitetinin Bakı filialına verilib. Azərbaycan MDB məkanında Rusiyadan sonra məktəblilərin Beynəlxalq Kimya Olimpiadasını keçirmək hüququ qazanan ikinci ölkədir.

Hazırda Olimpiadada iştirak edən Azərbaycan komandasına “İstək” liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, “İstək” liseyinin və 160 nömrəli klassik gimnaziyanın X sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov daxildir. Komandanın rəhbəri isə 2009-cu ildə Böyük Britaniyada keçirilmiş 41-ci Beynəlxalq Kimya Olimpiadasının bürünc mükafatçısı, Qafqaz Universitetində üzvi kimya laboratoriyasının elmi işçisi Mehman Bünyadovdur.

47-ci Olimpiada Təhsil Nazirliyi, İdman və Gənclər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir.

Olimpiadanın ingilis və Azərbaycan dillərində fəaliyyət göstərən http://icho2015.msu.az/ veb-səhifəsi yaradılıb. Həmçinin yarış müddətində iştirakçıları məlumatlandırmaq üçün gündəlik “Katalayzer” jurnalı dərc edilir.

Qeyd edək ki, ilk Beynəlxalq Kimya Olimpiadası 1968-ci il iyunun 18-21-də Çexoslovakiya Respublikasının (indiki Çex Respublikası) paytaxtı Praqada keçirilib. Üç ölkədən - Çexoslovakiya, Macarıstan və Polşadan 18 şagirdin iştirakı ilə keçirilmiş bu bilik yarışması həmin dövrdən etibarən hər il (1971-ci il istisna olmaqla) bir ölkədə təşkil olunur. Ötən əsrin 80-ci illərindən başlayaraq Olimpiadada iştirakçı ölkələrin sayı artıb. 1998-ci ildə Olimpiadada artıq dünyanın bütün qitələrini əhatə edən 47 ölkənin təmsilçiləri yarışıblar.

Bu böyük elmi müsabiqədə universitetlərdə təhsil almayan və yaşı 20-ni keçməyən gənclər biliklərini sınayırlar. Olimpiada iştirakçıları iki müsabiqədən – nəzəri və praktiki (laboratoriya) imtahandan keçirlər. Müxtəlif günlərdə baş tutan hər imtahana 5 saat vaxt ayrılır. Nəzəri imtahan maksimum 60 bal, laboratoriya işləri ən çoxu 40 bal ilə qiymətləndirilir. Hər iştirakçı ölkənin iki nümayəndəsindən formalaşdırılmış Beynəlxalq Münsiflər Heyəti cavabları müzakirə edir və qiymətləndirir. Beynəlxalq Kimya Olimpiadasının qaydalarına görə, hər ölkənin komandasına 2 müəllim və 4 iştirakçı daxildir.

Items per page: